Respublikamızın ümumtəhsil məktəblərində informatika fənninin tədrisinə başlanmasından 25
ildən artıq vaxt keçir. Bu gün 25 il əvvələ
nəzər salanda fənnin tədrisində qarşıya çıxan
problemlər, ildən-ilə qazanılan uğurlar, fənn
üzrə dərslik, proqram və tətbiqi proqram
paketlərinin təkmilləşdirilməsi, bu işdə alim,
metodist və müəllimlərimizin keçdiyi şərəfli
yol qəlbimizi qürur hissi ilə doldurur. Gəlin,
həmin illərə bir daha nəzər salaq.
İnformatika bir tədris fənni kimi ümumtəhsil
məktəblərinin tədris planına 1985-ci ilin 1
sentyabrından daxil edilib. O zaman bu yeni kurs
"İnformatika və hesablama texnikasının əsasları"
adı ilə yalnız yuxarı siniflərdə (IX və X
siniflərdə) tədris olunurdu.
Son 25 ildə respublikamız həm sovetlər
birliyində olarkən, həm də müstəqillik
qazandıqdan sonra təhsil sferasının
informasiyalaşdırılmasının optimal yollarının
müəyyənləşdirilməsi sahəsində müxtəlif
səviyyələrdə qərarlar qəbul edilmiş, elmi
tədqiqatlar aparılmışdır.
XXI əsr informasiyalaşmış cəmiyyət əsri
olduğundan gənc nəslin informatika və
informasiya texnologiyaları sahəsində müəyyən
bilik, bacarıq və vərdişlər sisteminə malik
olması çox vacibdir.
Məhz buna görə də respublikamızda elektronika
və mikroelektronika robotlarının yaradılması və
tətbiqi sahələrinin genişləndirilməsi, bu
sahələri daha da inkişaf etdirmək üçün hələ
informatika kursu ümumtəhsil məktəblərinin
tədris planına daxil edilməmişdən əvvəl-keçən
əsrin ortalarından müxtəlif tədbirlər
görülməsinə başlanılmışdı.
Kompüter texnikası ən çox kibernetikaya təsir
etdiyindən kibernetika elminə respublikamızda da
böyük maraq yaranmış və bu sahədə tədqiqatlar
aparılmağa başlanmışdı.
Kibernetika sahəsində respublikamızda ilk
tədqiqatlar 1952-ci ildə Azərbaycan SSR EA-dakı
Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə
laboratoriyasında başlanmışdı. Laboratoriya
1956-cı ildə Elmlər Akademiyasının Fizika və
Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və
Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və
Hesablama Mərkəzi adlandırılmışdı. 1959-1960-cı
illərdə Azərbaycana ilk universal rəqəmli
elektron maşınları-"Ural-1","BESM-2"
gətirildikdən sonra xalq təsərrüfatı
əhəmiyyətli məsələlərin həlli sahəsində
fəaliyyətə başlanıldı. Bu maşınların öyrənilməsi
və texniki istismarını təmin etmək üçün o zaman
gənc kadrlar olan Telman Əsgərov, Şahid Quliyev,
Fərhad Tağıyev və başqaları Rusiyanın Penza
şəhərinə elmi ezamiyyətə göndərildi.
1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil
təşkilat kimi təsdiq edilmiş, 1965-ci ildə
Hesablama Mərkəzinin əsasında Kibernetika
İnstitutu yaradılmışdı. Keçən əsrin 60-70-ci
illərində EHM vasitəsilə mürəkkəb məsələlərin
həlli üçün xüsusiləşdirilmiş
müəssisələr-hesablama mərkəzləri yaradılmağa
başlanıldı. Akademiyada təşkil edilən ilk
Hesablama Mərkəzindən sonra ali məktəblərimizdə,
ilk dəfə ADU-da, nazirliklərdə, əksər zavodlarda
hesablama mərkəzləri yaradılmağa başlandı.
Sonralar, 1971-ci ildə AMEA Kibernetika
İnstitutunun nəzdində vaxtilə mənim də işlədiyim
Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi
(AİS şöbəsi) yaradılmışdı. 1982-ci ildən AİS
şöbəsi sərbəst hüquqi subyekt kimi fəaliyyət
göstərmiş və 1997-ci ildə AİS şöbəsinin əsasında
İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi
(İTEM), 21 may 2002-ci ildə isə İTEM-in
əsasında İnformasiya Texnologiyaları İnstitutu
təşkil olundu.
1984-cü ildən Kibernetika İnstitutunda axşam və
qiyabi "Gənc kibernetiklər" məktəbi fəaliyyət
göstərməyə başlamışdı. Məktəbdə institutun
əməkdaşları hesablama texnikası,
proqramlaşdırılma üzrə nəzəri və təcrübi
məşğələlər aparmış, olimpiadalar təşkil
etmişlər. İnstitutun əməkdaşları gənc texniklər
stansiyasında, bir sıra orta məktəblərdə
proqramlaşdırma dərnəklərinə rəhbərlik etmişlər.
Respublika Maarif Nazirliyinin və Azərbaycan SSR
EA Kibernetika İnstitutunun birgə təşəbbüsü ilə
Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun
bazasında yuxarı sinif şagirdlərinin kompüter
savadlılığını artırmaq məqsədilə eksperimental
kurslar açılmışdı.
Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda,
o vaxtkı S.M.Kirov adına ADU-da, M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İnstitutunda,
Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunda, B.Sərdarov adına Xalq Təsərrüfatı
İnstitutunda və başqa ali məktəblərdə,
elmi-tədqiqat institutlarında, hesablama
mərkəzlərində kibernetikaya aid elmi axtarışlar
aparılır, bu sahəyə aid yeni fakültə və
ixtisaslar açılırdı.
Məlumdur ki, 1950-ci illərin sonunda akademik
A.P.Yerşovun rəhbərliyi ilə Novosibirskdəki bir
çox məktəblərdə proqramlaşdırmanın əsasları üzrə
eksperimentlər aparılmış və bu təcrübə sonralar
geniş tətbiq edilməyə başlanmışdı. 1959-cu ilin
sentyabrından Moskva şəhəri, Pervomayski
rayonundakı 425 nömrəli məktəbin bəzi
siniflərinin bazasında S.İ.Şvarsburdun apardığı
təcrübələr nəticəsində 1960-61-ci illərdə belə
məktəblərin sayı artdı və 1961-ci ilin iyulunda
o zamankı RSFSR Maarif Nazirliyi riyaziyyat
üzrə ixtisaslaşmış məktəblər üçün sənədlərin ilk
variantını təsdiq etdi. Bu sənədlər toplusuna
məzunların peşə xarakteristikaları, tədris
planı, ümumi riyaziyyat kursu üzrə proqram daxil
idi. Tədris fənlərinin adı isə "Riyazi maşınlar
və proqramlaşdırma", "Hesablama riyaziyyatı"
(ilkin variantda "Təqribi hesablamalar")
adlanırdı.
1965-1970-ci illərdə məzmunu proqramlaşdırmaya
həsr olunmuş və riyaziyyat təmayüllü məktəblər
üçün V.M.Monaxov, R.S.Quter, B.V.Ovçinskiy,
P.T.Reznikovskiyin dərs vəsaitləri
proqramlaşdırma üzrə fakültativ kursların
aparılmasında böyük əhəmiyyətə malik oldu.
60-cı illərdə məktəb informatikasının əsasını
kibernetika elementlərinin öyrədilməsi
istiqamətində nəzəri və eksperimental
tədqiqatlar təşkil edirdi. Uzunmüddətli
tədqiqatlardan sonra belə bir nəticəyə gəlindi
ki, kibernetikanın öyrədilməsi ümumi orta
təhsilin məzmununa ayrıca fənn kimi daxil
edilməlidir. Lakin tədqiqatçılar yalnız 1970-ci
ildə 140 saatlıq (70 saat IX, 70 saat X sinifdə)
"Kibernetikanın əsasları" kursunun orta
ümumtəhsil məktəblərinin fakültativ kursları
siyahısına rəsmi daxil etdirə bildilər. Həmin
fakültativ kursun proqramının əsas bölmələri
aşağıdakılar idi: Giriş (20 s.), çevrilmələr və
informasiya çeviriciləri (82 s.), informasiya və
siqnal (24 s.), idarəetmə sistemlərinin
qurulması prinsipləri (12 s.), nəticələr (2 s.).
Qeyd edək ki, həmin kursun məzmununa daxil olan
avtomatlaşdırma, informasiyanın saxlanması,
emalı və çevrilməsi, ötürülməsi anlayışları
sonradan məktəb informatika kursunun əsas
komponentlərinin formalaşmasında mühüm rol
oynadı.
1975-1980-ci illərdə fakültativ kursların sayı
artdı və VII sinifdə "Say sistemləri və EHM-in
hesabı qurğuları", VIII sinifdə "Alqoritmlər və
proqramlaşdırma", IX, X siniflərdə
"Kibernetikanın əsasları", X sinifdə
"Proqramlaşdırma dilləri" adlı kurslar məktəb
fakültativ kurslarının sırasına daxil edildi.
Bu kurslar üzrə İ.N.Antipov, V.M.Monaxov,
V.S.Lednev və A.A.Kuznetsov, V.N.Kasatkin və
başqaları, M.P.Lapçik tərəfindən müxtəlif
metodiki tövsiyələr hazırlandı.
70-ci illərdə məktəblərarası tədris-istehsalat
kombinatlarında (MTK) yuxarı sinif şagirdlərinin
hesablama texnikasının tətbiqi sahəsində peşə
hazırlığı istiqamətləri artdı. MTK-ların
bazasında məktəblilərin hazırlığı istiqamətləri
əsasən aşağıdakılar idi: EHM operatoru,
elektromexanik, proqramçı-laborant, elektron
aparatlarının nizamlayıcısı, hesablama işləri
operatoru və s.
70-ci illərin əvvəllərində respublikamızda ilk
dəfə orta məktəblərdə-əvvəlcə Bakıdakı 164
nömrəli, sonra isə 134 nömrəli məktəbdə indiki
Bakı Dövlət Universitetinin dosenti, pedaqoji
ictimaiyyətin rəğbətini qazanmış Ramin
Mahmudzadə proqramçılar sinfi təşkil etmişdi.
Ali məktəblərdə də artıq informatika sahəsinə
xüsusi fikir verilməsinə başlanılmışdı. 1983-cü
ildə ilk dəfə respublika ali məktəblərinin
tələbə komandası (komandanın rəhbəri
R.Mahmudzadə olmuşdur) Minsk şəhərində
informatika üzrə olimpiadaya aparılmış və
komanda Ümumittifaq olimpiadasında 3-cü yeri
tutmuşdu.
Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
1984-cü il 12 aprel tarixli 313 nömrəli qərarı
ilə SSRİ Maarif Nazirliyinə, Pedaqoji Elmlər
Akademiyasına, Dövlət Texniki Peşə Təhsili
Komitəsinə, Ali və Orta İxtisas Təhsili
Nazirliyinə tapşırılmışdı ki, ümumtəhsil
məktəblərinin yuxarı siniflərində, texniki peşə
məktəblərində, orta ixtisas məktəblərində
hesablayıcı elektron texnikasının əsaslarının
öyrənilməsini təşkil etsinlər, belə ki,
şagirdlərə kompüterlərdən istifadə etmək
vərdişləri aşılansın və onlar xalq
təsərrüfatında bu texnikanın geniş tətbiqi
haqqında biliklərlə silahlandırılsınlar. Bundan
ötrü şagirdlər üçün xüsusi kurs hazırlanmasını,
lazımi dərsliklər, dərs vəsaitləri, məktəb
kabinetləri və məktəblərarası kabinetlər
yaradılmasını, habelə baza müəssisələrinin və
başqa idarələrin kompüter texnikasından dərs
məqsədləri ilə istifadə olunmasını nəzərdə
tutsunlar. Ümumtəhsil məktəblərinin dərs
prosesində kompüterlərin tətbiqi ilə bağlı
psixoloji-pedaqoji problemləri haqqında 1986-cı
ildə Sov.İKP MK-ya və SSRİ Nazirlər Sovetinə
məlumat versinlər. 1986-1990-cı illərdə
hesablayıcı elektron və mikroprosessor texnikası
kabinetləri yaradılsın.
12 aprel 1984-cü ildə SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini Heydər Əliyevin
başçılığı ilə keçirilmiş iclasda qəbul edilmiş
tarixi qərardan sonra məktəblərimizdə yeni bir
dövr - kompüter texnikası ilə tanışlıq dövrü
başlandı.
O
vaxtdan başlayaraq respublikamızın bəzi
məktəblərinə mikrokalkulyatorlar, "Yamaha",
"Aqat", "Mir-2" və "Elektronika-DK-28" tipli
kompüterlər verildi, yeni kabinetlər yaradıldı.
Bakıdakı 132 nömrəli məktəbdə "Aqat" tipli
kompüterlər quraşdırıldı. Məktəbə Moskvanın
Lionozov Elektromexanika Zavodunun
mütəxəssisləri dəvət olunmuş və hesablama
mərkəzi yaradılmışdı.
Azərbaycan Dövlət Universitetində, Azərbaycan
Politexnik İnstitutunda, Neft-Kimya
İnstitutunda, Xalq Təsərrüfatı İnstitutunda,
Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Bakı Baza
Energetika Texnikumunda, eləcə də bir sıra ali
və orta ixtisas təhsili ocaqlarında hesablama
texnikasından geniş istifadə olunmağa
başlamışdı.
1984-cü ildə hazırlanan "Ümumtəhsil və peşə
məktəblərində islahatın əsas istiqamətləri" adlı
təşkilati-metodik sənəddə məktəb islahatının
əsas istiqamətlərindən biri kimi gənclərin ümumi
kompüter savadsızlığının ləğvinin təmini və
informatika və hesablama texnikasının
əsaslarının tədris prosesinə daxil edilməsi
deklarativ olsa da, elan edildi.
1984-cü ilin sonunda A.P.Yerşov və V.M.Monaxovun
rəhbərliyi ilə "İnformatika və hesablama
texnikasının əsasları" fənninin proqramı
hazırlanmağa başlandı və 1985-ci ilin
ortalarında o vaxtkı SSRİ Maarif Nazirliyi
tərəfindən bəyənildi .
"İnformatika və hesablama texnikasının əsasları"
bir tədris fənni kimi ümumtəhsil məktəblərinin
tədris planına 1985-ci ilin 1 sentyabrından
daxil edildi (keçmiş SSRİ-də). Ümumtəhsil
məktəblərində bu fənn yalnız yuxarı siniflərdə
(o zaman IX və X siniflərdə) tədris olunurdu.
"İnformatika və HT-nin əsasları kursu üzrə ilk
proqramın maşınlı variantı" 1986-cı ildə çap
edildi. Kursun iki yuxarı sinifdə tədrisi
nəzərdə tutulurdu və kursa 102 saat vaxt
ayrıldı.
Maşınlı variantda nəzərdə tutulan məzmuna uyğun
bir neçə dərs vəsaitləri, o cümlədən
A.Q.Kuşnirenko və b., V.A.Kaymin və b., A.Q.Qeyn
və b. tərəfindən hazırlandı və onların geniş
müzakirəsi təşkil edildi. Moskvada təşkil
edilmiş belə müzakirələrin birində mən də
iştirak etmişəm.
Yeni proqramın məzmunu "İnformatika və hesablama
texnikasının əsasları" fənnini ayrıca bir fənn
kimi nəzərdə tuturdu və "maşınsız variant"dan
çox da fərqlənmirdi.
Lakin ilk rəsmi proqramdan fərqli olaraq burada
praktik işlərə daha çox vaxt ayrılmışdı.
Maşınlı variantda ilk proqramın əsas xüsusiyyəti
onda idi ki, ilk dəfə olaraq rəsmi sənəddə
məktəb informatika kursu üzrə zəruri olan
proqram təminatının təxmini siyahısı verilmişdi.
Sonrakı illərdə onlardan çoxu müxtəlif
variantlarda və məktəblərdə istifadə olunan
müxtəlif tip texnika üçün işlənilib hazırlandı
1990-cı ilədək respublikamızın orta ümumtəhsil
məktəblərində 1985-1986-cı illərdə A.P.Yerşovun
redaktorluğu ilə nəşr edilmiş dərs vəsaitlərinin
Azərbaycan dilinə tərcüməsindən istifadə
edilirdi. Müəllimlər isə həmin müəllifin
hazırladığı və informatika müəllimləri üçün
nəzərdə tutulan vəsaitlərin Azərbaycan dilinə
tərcüməsindən yararlanırdılar.
Nazirliyin 26.09.1988-ci il tarixli, 216 nömrəli
əmri ilə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər)
rayonu Türkan qəsəbəsindəki 119 nömrəli
məktəbdə (informatika müəllimi Rafiq Qasımov)
məktəblərarası tədris-hesablama mərkəzi
yaradılmış və 3-cü və 5-ci siniflərdə
eksperiment qaydasında "İnformatika və hesablama
texnikasının əsasları" fənni tədris edilmişdi.
Akif Əliyev, Təhsil Nazirliyinin TİMS şəbəsinin baş məsləhətçisi
Azərbaycan müəllimi, № 22
|