ROBOTLAR GƏLİR!
Bu gün artıq Herbert Uels və Ayzek Azimovun qurduqları fantastik dünyanın ərəfəsindəyik. Sizcə, robot texnikasının qanunlarını –Ayzek Azimovun fantastik qanunlarını qəbul etmək zamanı çatmamışdırmı?
Yox, yox... narahat olmağa dəyməz! Mən sadəcə, Bakı Modern Məktəbdə açılmış “Robot texnikası və mühəndislik” tədris mərkəzi barədə danışıram.
Beləliklə, “Robot texnikası və mühəndislik” tədris mərkəzinin açılışından ədəbi-elmi-fantastik-realistik reportajıma başlayıram.
Məktəbdə, robotlar? Bəli, məktəbdə! Bəlkə, biz dünyada birincilərdənik (yəni, belə ağıllı çıxdıq, bəlkə əksinə)? Google-ni açaq və rusca “Роботы в школе” sözlərini yığaq. Təsəvvür edirsiniz, 50 milyondan çox istinad! Belə çıxır ki, artıq dünyanın bütün məktəbləri robotlarla məşğul olurlar? Coğrafiyasına baxaq: Rusiya, Yaponiya, Cənubi Koreya, Amerika və s.
Bəs, robotlar məktəbdə nə iş görürlər? Bəlkə, müəllimləri əvəz edirlər? Bəzi ölkələrdə bəli! Məsələn, Yaponiyanın bəzi şəhərlərində robot uşaqlara ingilis dilini öyrədir. Amma, əsas etibarilə, robotlar müəllimin əvəzedilməz köməkçilərinə çevrilir. Rusiyada elə robot düzəltmişlər ki, o, valideynlərə İnternet vasitəsilə dərsi müşahidə etmək şəraiti yaradır. Belə sinifdə nizam-intizamı təsəvvür edirsinizmi?
Köməkçi yaxşı şeydir! Ancaq yaxşı müəllim robotsuz da öz işinin öhdəsindən gələ bilər. Bəs, onda robotlar nə üçündür?
Gəlin 21 may səhər saat 10.30-da Bakı Modern Məktəbinə daxil olaq və ikinci mərtəbəyə qalxaq. Bizi akt zalına dəvət edirlər. Zala aparan dəhlizin sağ və solunda stollar düzülmüşdür. Bu stolların arxasında isə I–IX sinif şagirdləri hansısa oyuncaqlarla oynayırlar. Fikirləşdim ki, bu da məktəbin növbəti özünüreklamıdır. Ləngimədən bizim zala keçməyimizi xahiş edirlər:
- Şagirdlərin işləri ilə sonra tanış olacaqsınız.
Biz də qonaq hüquqlarımıza uyğun olaraq ev sahibinin qaydasına əməl etməli olduq. Tribunaya məktəbin direktoru Gülarə Əfəndiyeva qalxır – bu, artıq maraqlıdır. Onun sözlərindən məlum olur ki, məktəbin müəllimləri Sankt Peterburqda robot texnikasının təhsildə tətbiqi üzrə treninqlərdə iştirak etmiş və bu texnologiyalardan istifadə edən məktəblərdə olmuşlar. Ötən ilin sonunda BMM-in müəllimləri Soçidə keçirilmiş Beynəlxalq Robot Müsabiqəsinə müşahidəçi qismində dəvət olunmuşdular. 2015-ci ildə isə Azərbaycan komandası bu müsabiqəyə iştirakçı kimi daxil edilmişdir. Bu ilin avqust ayında məktəb Cənubi Koreyada keçiriləcək beynəlxalq robot müsabiqəsinə dəvət almışdır. İndi aydın olur ki, dəhlizdə şagirdlərin düzəltdikləri “oyuncaqlar” bu müsabiqəyə hazırlıq imiş. Bax, indi Gülarə xanım bizi məktəbin bu sahədəki nailiyyətləri ilə tanış olmağa dəvət edir.
Yenidən dəhlizə qayıdırıq. Birinci stol çox alçaqdır. Əks halda, onun arxasında dayanan şagirdi görmək olmazdı. Ondan nə ilə oynadığını soruşuruq. Aydın olur ki, bu şagirdin qarşısındakı sadə robotu özü yığıbmış. Yəni, doğurdanmı bu robotu o özü yığıb? Bəli, bu balaca uşaq işin bilicisi kimi robotu hansı hissələrdən yığdığı və bu detallardan nə üçün istifadə etdiyi barədə ətraflı məlumat verir. Bəlkə, o bu sözləri əzbərləyib? Birinci sinif şagirdinə mürəkkəb anlayışlar haqqında izahat verməyi əzbərlətmək olardımı? İkinci stola yaxınlaşırıq. Uşaqlar yaşca əvvəlkindən böyükdürlər.
- Sizdə nədir?
- Robotlar. Gəzir, fırlanır, daha bir çox əlavə işlər görürlər.
- Onlar hansı qayda ilə hərəkət edirlər?
- Biz bu robotlara proqram yazmışıq. Baxın, bu kompüterdə proqram yazıb robota köçürmüşük.
Hələ tam aydın deyil: bunu onlar özləri ediblər, ya yox. Üçüncü stol – bir qədər yaşlı uşaqlardır.
- Adınız nədir? Neçənci sinifdə oxuyursunuz?
- Kamran. 8-ci sinif.
- Sən bizə nə göstərəcəksən? Bu nə robotdur? O nə iş görür?
Kamran işin tam bilicisi kimi bu robotu necə yığdığını, robotun rəngləri necə tanıdığı və kubları necə çeşidlədiyi barədə ətraflı məlumat verir. Bunun üçün hansı dildə proqram yazdığını və onu robota necə köçürdüyünü də həvəslə izah edirdi.
- Bəs, sənə məhz bu robotu yığmağı kim məsləhət gördü?
- Mən özüm onu fikirləşmişəm.
Bu yerdə bir az şok keçirdim: I - IX sinif şagirdləri böyüklərin çoxunun bilmədikləri anlayışlar barədə belə sərbəst danışır, özləri müstəqil olaraq robot yığıb-sökür... Axı bu necə ola bilər? Həyat müəllimədən soruşuram:
- Bu cür şagirdləriniz çoxdur? Onları bütün bunları öyrənməyə necə məcbur edirsiniz? Bəlkə, yeni pedaqoji işgəncələr sistemi fikirləşmisiniz?
- Xeyir. Şagirdlər özləri hər işin dərinliklərinə qədər gedirlər və ona görə də bütün prosesi bilirlər. Biz onları yalnız istiqamətləndiririk, lazımi düzəlişlər edirik. Beş aydır ki, biz onları öyrədirik. Daha doğrusu, bizim dəstəyimizlə onlar özləri öyrənirlər.
Düzü, heç gözləmirdim. Heyrətdən qışqırmaq istəyirdim: “дас ист фантастиш – fantastika”!!! Məgər bəşəriyyətin pedaqoji arzusu elə bu deyildimi? Bəlkə, doğurdan da bu günün şagirdi artıq içinə bilik doldurduğumuz qab deyil (çox vaxt da dibi olmayan), alovlandırdığımız çıraqdır?! Soruşuram:
- Vəssalam? Daha baxılası bir şey qaldımı?
- Yox, yox – deyə, bizi aşağı dəvət edirlər. Aşağıda isə yenə stollar var – robotların futbol oynamaları, labirintdən keçmələri və xətt üzrə hərəkət etmələri üçün stollar.
Bunları görüb Gülnarə xanımdan (Gülnarə Səlimova məktəbin direktor müavinidir) sevincək soruşuram:
- Bura şagirdlərin oyun zalıdır?
- Xeyir. Bunlar beynəlxalq robot müsabiqəsinin elementləridir. Gördükləriniz beynəlxalq standartlar əsasında düzəldilmişdir. Burada şagirdlərimiz avqust ayındada Cənubi Koreyada keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşırlar.
Tanış məktəblini – Kamranı, yuxarıda öz robotunu təqdim edən şagirdi görürəm. Bu dəfə onun qarşısında üzərində enli qabarıq xətt çəkilmiş stoldur. Üzərindəki robotlara işarə ilə soruşuram:
- Bunlar nədir?
- Bu robotun vəzifəsi yalnız çəkilmiş xətt üzrə hərəkət etməkdir. Robotun üzərindəki bu iki kiçik qurğu onu yoldan yayınmağa qoymur. Daha doğrusu, bu qurğular robotun yoldan çıxdığını qeyd edir, idarəetmə isə onu öz yoluna qaytarır.
- Bu robotu haradan əldə etmisiniz?
- Heç yerdən. Özümüz yığmışıq. Sonra proqram yazıb robota köçürmüşük. İndi bizim robot yolu necə getməyi yaxşı bilir. Cənubi Koreyada keçiriləcək yarışmanın nominasiyalarından biri də belə tapşırıqlara aiddir.
Bəli, bütün bunlar fantastika kimi görünür. Bəlkə, mən gələcəyin məktəbində – müəllimlərin və şagirdlərin təlimə münasibətlərinin gələcəkdə necə olacağını əks etdirən bir məktəbə düşmüşəm?
Bütün bu nümayişlərdən sonra dairəvi masada söhbətimizi davam etdiririk. Müzakirələrdə Təhsil Nazirliyi, şirkət və müəssisələrin nümayəndələri də gördüklərimizə eynilə mənim kimi reaksiya verirlər.
Hə! İndi isə reportajın adını izah edə bilərəm: ədəbi – bu sözü eşitmək həmişə xoşdur; elmi-fantastik – məncə, aydındır. Ancaq bu, gələcəkdə baş verə bilən, yaxud baş verə bilməyən fantastikalardan deyil. Bu o fantastikadır ki, gözlənilməz yeni ideyalar görərkən qışqırmağın gəlir: “bu ki fantastikadır!”; real – ona görə ki, gördüklərimiz həqiqətdir.
Sonda isə mən Sizin hər biriniz qarşısında öz günahımı yumaq istərdim. Məsələ ondadır ki, mən bütün bunlar haqqında əvvəlcədən xəbərdar idim və C++ dilində proqram yazmağı da, bu dilin xüsusiyyətlərini də mən şagirdlərə öyrətmişəm. Yeri gəlmişkən, bu dili ən yaxşı öyrənən şagirdlərdən biri də həmin Kamrandır. Sadəcə, proqramlaşdırma ilə məşğul olanların bəzi qəribə xüsusiyyətləri olur. Məsələn, onlar özlərini abstraktlaşdırır və həqiqətdən uzaqlaşmağa çalışırlar. Mən də özümü belə təsəvvür etməyə çalışdım.
Doğrusu, mən çox xoşbəxtəm ki, belə bir bayramın baş tutmasında az da olsa mənim də payım var. Yox, mən təvazökarlıq etmirəm. Belə bir işi cəmi 5 ay ərzində yalnız istedadlı komanda görə bilərdi. Bu kollektivin mühərriki isə həmişə olduğu kimi, Gülnarə xanımdır. Yalnız onun kimi təşəbbüskar insanın tükənməz enerjisi sayəsində belə bir möcüzə – gələcəyin məktəbini yaratmaq mümkündür. Elə bir məktəbi ki, burada şagirdlər bilikləri özləri əldə edib dərinləşdirir və tətbiq edirlər.
Ancaq bu mühərrikin daha effektiv işləməsi üçün sükanı düzgün istiqamətdə tutmaq lazımdır. Belə bir sükanı isə məktəbin direktoru Gülarə Əfəndiyevaya etibar etmək olar.
Gəlin, hamılıqla onlara gələcək nailiyyətlər və Cənubi Koreyada uğurlu nəticələr arzu edək!
RAMİN MAHMUDZADƏ |