Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas
məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından
istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və "rəqəmsal
fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin
artırılmasına kömək göstərməkdən ibarətdir.
Ənənəvi olaraq BMT baş katibi və BTİ baş katibi bu gün ilə əlaqədar ilik müraciətlə çıxış edirlər.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2012-ci ildə
"İKT-də qadınlar və qızlar” mövzusuna həsr olunub. Cari ildə BTİ
qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını gender
ayrı-seçkiliyinin aradan qaldırılması və onların məqsəd və arzularına
nail olması üçün hüquqlarının genişləndirilməsi vasitəsilə işə salmağa
hazırlaşır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 17 may –
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş
təntənəli mərasim keçirilib. Bu münasibətlə
iştirakçıları təbrik edən rabitə və informasiya texnologiyaları
nazirinin müavini İltimas Məmmədov onlara nazir Əli Abbasovun
salamlarını və təbriklərini çatdırıb. 17 mayın bayram edilməsinin tarixi
haqqında söhbət açan nazir müavini Beynəlxalq Telekommunikasiya
İttifaqı (BTİ) tərəfindən bu il üçün "İKT-də qadınlar və qızlar”
mövzusunun seçilməsini iştirakçıların diqqətinə çatdırıb. "BTİ çox mühüm
məsələyə toxunub, çünki qadınlar cəmiyyətin tərkib hissəsi kimi,
informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından
istifadə daxil olmaqla bərabər hüquqlara malikdirlər. Azərbaycanda da
İKT xidmətlərindən yararlanmaq məqsədilə eyni imkanların təmin edilməsi
üçün səylər göstərilir. Hazırda ölkənin bütün yaşayış məntəqələri
telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır.
İndi əsas məqsədimiz bütün yaşayış məntəqələrinin yüksək sürətli
internetlə təmin etməkdir. Bu məqsədlə xüsusi proqram hazırlanmış və
uğurla həyata keçirilir”, - İltimas Məmmədov qeyd edib. Nazir
müavini çıxışında gender bərabərsizliyinin aradan qaldırılmasında
İKT-nin rolunu qeyd edərək Azərbaycanda İKT sektorunun inkişafında
qadınların rolunu vurğulayıb, onlara buna görə minnətdarlığını bildirib. Mərasimdə
iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova 17 may tarixinin budəfəki mövzusunun
məhz qadınlara həsr edilməsinin əhəmiyyətindən danışıb. BMT gender
ayrı-seçkiliyinə xüsusi diqqət yetirir və budəfəki mövzu bunu bir daha
sübut edir. Azərbaycan haqqında bəhs edən Sədaqət Qəhrəmanova
cəmiyyətimizdə, o cümlədən İKT-nin inkişafında qadınların vacib rolunu
xatırladaraq bu məsələyə böyük diqqət yetirməyin zəruriliyini
vurğulayıb. Sədr müavini qadınları yeni texnologiyaların yaratdığı
imkanlardan yararlanmağa çağırıb. Daha sonra
tədbirdə BMT və BTİ baş katiblərinin müraciəti oxunub, ölkənin İKT
sektorunda qadınların roluna həsr edilən təqdimat keçirilib. Qeyd edilib
ki, ötən ildən BTİ hər ilin aprel ayının dördüncü həftəsinin dördüncü
günü İKT-də Beynəlxalq Qadınlar Gününün təsis edilməsini elan edib. Bu
bayram qadın və qızları maraqlı və güclü tərəflərini layiqincə
qiymətləndirmək və onları informasiya-kommunikasiya texnologiyaları
sahəsində peşə seçiminə həvəsləndirmək üçün təsis edilib. Tədbirdə
ölkənin İKT sektoru haqqında danışılarkən qeyd edilib ki, sektorda
çalışan qadınların sayı 34 faizi ötüb. Əhalini kompüterlərlə təmin etmək
məqsədi daşıyan "Xalq kompüteri” layihəsi çərçivəsində satılan 17800
kompüterdən 11 mindən çoxu məhz qadınlar tərəfindən alınıb. Ümumilikdə,
Azərbaycan qadınlarının İKT ixtisaslarına maraq göstərdikləri qeydə
alınıb. Mərasimdə həmçinin ölkənin İKT sektorunun
inkişafına verdiyi töhfəyə görə bir qrup qadın Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin diplomu və RİTN-nin mükafatı ilə
mükafatlandırılıb. Bundan başqa, tədbir
çərçivəsində 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika
üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinə mükafatlar təqdim
edilib. Xatırladaq ki, Qafqaz Universitetinin "Qafqaz Programmers”
komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin "Norbert” komandası
2-ci yerə, Qafqaz Universitetinin "Baku Qafqaz U4” və "Baku Qafqaz U7”
komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər. Qaliblər
RİTN-nin diplom və fəxri fərmanları ilə mükafatlandırılıb, onlara
layihənin sponsorları - Azerfon və BestComp Group şirkətlərinin qiymətli
hədiyyələri təqdim olunub. |