Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev
Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti
tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk
dəfə olaraq səslə idarə edilən mini kompüterin sınaq nümunələri
hazırlanıb.
Yeni mini kompüteri yaratmaqda
məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və
kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin
etməkdir.
Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün
əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompüterdə
proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.
Mini kompüter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə
tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri
səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları
cavablandırmaq kimi imkanlarla da təchiz olunub. Gələcəkdə nitqin
kompüter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub. (
www.dilmanc.az saytın materiallardan götürülüb)