Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Milli
Sertifikasiya Xidmətləri Mərkəzinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə elektron imza istifadəsi üçün
yaradılan infrastrukturun təqdimatı olub. Qeyd edək ki, layihəni tender
yolu ilə qalib gəlmiş "Ultra”, "Azerin” və "Microsoft Azərbaycan”
şirkətlərinin hazırlayıb. Tədbirdə elektron imzanın yaradılması və
ondan istifadə ilə bağlı məlumat verilib. Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov bildirib ki, elektron imza əl imzası
ilə bərabər hüquqa malikdir. O deyib ki, elektron imzanın tətbiqi
ölkədə elektron səsvermə, elektron təhsil, elektron ticarət və elektron
müqavilə kimi yeniliklərə imkan verəcək. Ə.Abbasov onu da qeyd edib ki,
Azərbaycanda yaxın vaxtlarda elektron hökumətin də tətbiqinə
başlanacaq: "Hesab edirəm ki, Azərbaycanda elektron imza geniş vüsət
alacaq. Bu, həm vaxt, həm də digər məsələlərdə itkinin qarşısını
alacaq”.