"Azərbaycan müəllimi" qəzetində bu adla ADPU-nun "Kompüter mərkəzi"nin direktoru, dosen İlham Əhmədovun məqaləsi dərc olunub. Məqalədə distant təhsilin üstünlükləri açılıb, deyilir ki, DT inkişafı
milli təhsil sisteminin təkmilləşdirilməsi,
beynəlxalq tələblər səviyyəsinə qaldırılması,
qlobal informasiya təhsil məkanına inteqrasiya
edilməsi baxımından da əhəmiyyətlidir.
"DT informasiya cəmiyyətinin inkişafı və
təkamülünün tarixi mərhələsi olub, hər hansı
dövlətin təhsil siyasətindən asılı olmayaraq,
qloballaşmanın tələbidir.
İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları
artıq DT sisteminə inteqrasiya olunmuş, vahid
milli informasiya-təhsil məkanı yaranmışdır. Bu
gün dünyada on milyonlarla insan DT
texnologiyaları əsasında sistematik təhsil
alır. DT auditoriyalara sığmayan,
sərhədsiz, transmilli təhsil texnologiyasıdır.
Təhsil yönümlü beynəlxalq təşkilatların,
cəmiyyətlərin, o cümlədən YUNESKO-nun təhsil
siyasətinin mühüm istiqamətlərindən biri DT
sisteminin inkişafıdır. YUNESKO artıq qlobal
şəbəkə universiteti yaratmışdır. MDB
səviyyəsində isə 20 universitetin iştirakı
ilə "Universitetlərin şəbəkə işbirliyi
(əlaqələri)" adlı layihə reallaşır.
Layihənin məqsədi MDB ərazisində DT
texnologiyaları əsasında ali təhsilin
inkişafını dəstəkləməkdir. Layihə
çərçivəsində bu ilin əvvəlində YUNESKO-nun
dəstəyi ilə "İnnovativ iqtisadiyyatın kadr
təminatı üçün universitetlərin şəbəkə
əlaqələri" adlı beynəlxalq konfrans təşkil
edilmişdir. Bu gün DT-nin yaradılması kütləvi
və əlçatan ali təhsili formalaşdırmaqla
bərabər, iqtisadiyyatın kadr təminatı
problemlərini operativ həll edir, ölkənin
qlobal səviyyədə müsbət imicinin
formalaşmasına dəstək verir.
Bu gün dünyada təhsil böyük bir biznesdir.
DT beynəlxalq təhsil xidməti bazarında təhsilin
ixracının mühüm vasitəsi və texnologiyasıdır.
ABŞ hər il DT texnologiyaları əsasında təhsil
ixracından 7 milyard dollar, Avstraliya 3
milyard dollar mənfəət götürür. Qlobal məkanda
DT bu gün elə bir templə inkişaf edir ki,
proqnozlara görə, 2015-ci ildə dünya
universitetlərinin 80%-i bu texnologiya
əsasında təhsil verəcəklər.
DT-təhsil müəssisəsindən istənilən məsafədə olan
öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil
mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri
kompleksidir.
İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil
ehtiyaclarının təmin edilməsinə yönəlmiş,
verilənlər, informasiya resursları, qarşılıqlı
əlaqə protokollarının ötürülmə vasitələri,
aparat-proqram, metodik-təşkilati təminat və s.
vasitələrin sistemli təşkilidir.
DT tələbə və müəllim arasında interaktiv
əlaqəni telekommunikasiya və kompüter şəbəkələri
vasitəsi ilə operativ, müntəzəm dialoq,
əks-əlaqə əsasında, uzaq məsafədən həyata
keçirən texnologiyadır. DT-nin əsas
texnologiyaları aşağıdakılardır:
-
Keys texnologiyası. Tədris-metodik materiallar
ciddi strukturlaşdırılır, xüsusi "keys"
formasında komplektləşdirilir, müstəqil
mənimsənilmə üçün tələbələrə göndərilir. Tələbə
ilə məsləhətçi-müəllim, tyutor arasında
müntəzəm məsləhətləşmə aparılır.
-
TV texnologiyası. Tədris prosesi telemühazirələr
əsasında həyata keçirilir, müəllim və tyutorla
sistematik məsləhətləşmələr aparılır.
-
Şəbəkə texnologiyası. Tələbələri tədris-metodik
materiallarla təmin etmək, həmçinin tələbə və
müəllim arasında interaktiv əlaqə yaratmaq
məqsədi ilə İnternet şəbəkəsindən istifadə
edilir. Şəbəkə texnologiyasında lokal
(İntranet) və qlobal (İnternet) şəbəkə
texnologiyalarından istifadə edilir. Bu halda
distant dialoq İnternet resursları vasitəsi ilə
həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT
kursu şəklində tərtib edilmiş elektron tədris
vasitələri təşkil edir.
Beynəlxalq təhsil məkanında belə bir vəziyyət
müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi
səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya
ümumən olmur, ya da çox zəif inkişaf edir.
Çünki virtual təhsil real təhsil üzərində
qurulur, inkişaf edir, təhsilin məzmunu hər
iki halda eyni kriteriya ilə - milli təhsil
standartları ilə müəyyən edilir. Əgər
universitetin professor-müəllim heyəti
keyfiyyətcə müasir tələblərə cavab vermirsə
(bu vəziyyət əsasən professor-müəllim
heyətinə az məvacib verilən ölkələrdə
müşahidə edilir), bakalavr və magistrlər
keyfiyyətli dərslik və tədris-metodik
komplekslərlə təchiz edilməyiblərsə, onda bu
materialların elektronlaşmasının, pedaqoji
heyətin virtual fəaliyyətinin səmərəsi olmaz
(əgər pedaqoji heyətin ümumiyyətlə virtual iş
vərdişləri varsa). Bu səbəbdən ali təhsilin
ümumi səviyyəsinin aşağı olduğu ölkələrdə
DT-nin yaradılması təhsilin məzmun və
texnologiya baxımından köklü yeniləşməsini
tələb edir. Bu iki işin az vaxt ərzində
paralel aparılması əlavə problemlər yaradır,
daha böyük resurslar tələb edir. Proses
düzgün qurularsa, sinergetik qarşılıqlı
təsir effekti yarana bilər. Bunun müəyyən
faydası mümkündür, bu halda real təhsilin
inkişafı DT-nin inkişafına və əksinə, DT-nin
inkişafı real təhsilin inkişafına təkan verə
bilər.
Real təhsili zəif olan ölkələr təhsilin
məzmun yönümlü problemlərini həll etmədən
öz "nailiyyəti"ni virtual aləmə keçirməklə
heç nə qazana bilməzlər, olsa-olsa
İnternet vasitəsi ilə öz təhsil
"səviyyə"sini bütün dünyaya nümayiş etdirə
bilərlər. Bu isə antireklamdır. Bu halda
DT-in məzmun və keyfiyyətini müəyyən edən
elektron kontent keyfiyyətsiz olduğundan
onun səmərəsi ola bilməz. Bu mənada
virtual təhsil real təhsilin
proyeksiyasıdır, nəticəsidir desək səhv
etmərik.
Dünya təhsil təcrübəsində DT-in müxtəlif
modelləri mövcuddur.
1. Distant təhsilin Asiya modeli. Bu model açıq
universitetlərin yaradılmasını nəzərdə tutur.
Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi
Koreya kimi ölkələr bu modeldən istifadə
edirlər.
2. Distant təhsil qiyabi təhsilin reallaşma
modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr
distant texnologiyalar əsasında təhsil alırlar.
Avstraliya, Yeni Zelandiya, Malayziya kimi
ölkələrdə bu model tətbiq edilir.
3. Distant təhsil əyani təhsilin reallaşma
modeli kimi. Müəllimin auditoriya ilə
audiovizual əlaqələri telekommunikasiyalarla
reallaşır. Bu model Amerikada da tətbiq edilir.
4. Tədris materialı əsasında tələbənin müstəqil
işinə əsaslanan distant təhsil modeli. Bu
modeldə tədris kursları modullar formasında
strukturlaşır. Bu modeldən Böyük Britaniyada
istifadə olunur.
Bu gün bir çox ölkələrdə DT-nin eyni
zamanda müxtəlif modelləri tətbiq edilir. Bu
modellərin tətbiqi ilə əlaqədar qərarı
universitetlər özləri qəbul edirlər.
Universitetin hansı model əsasında DT verməyə
imkanı varsa, o modeli də seçir. Məsələn,
Türkiyənin Anadolu Universiteti uzun müddətdir
ki, açıq universitet formasında fəaliyyət
göstərir. Anadolu Universiteti hazırda 1,5
milyon tələbə ilə dünyanın 3-cü
meqauniversiteti hesab edilir. 30 ildən artıq
müddət ərzində Anadolu Universiteti müxtəlif
texnologiyalar əsasında, bu gün isə müasir,
yüksək texnologiyalar əsasında DT reallaşdırır.
Türkiyənin başqa universitetləri isə digər
DT modellərinə üstünlük verirlər. Bu gün
Türkiyənin və Rusiyanın əksər
universitetləri səmərəli DT sistemi yarada
bilmişlər. DT sistemi resurslarından nəinki
qiyabi, eksternat və distant formada təhsil
alan tələbələr, eyni zamanda əyani təhsil
alan tələbələr də səmərə ilə istifadə edirlər.
Bu gün universitetlər arasında olan qlobal
rəqabət artıq virtual məkana keçmişdir.
Məsələn, Rusiya ərazisində Amerika və
Avropanın distant universitetlərinin xeyli
nümayəndəliyi fəaliyyət göstərir. Minlərlə
rusiyalı gənc distant formada xarici ölkə
universitetlərində təhsil alır. Bu həm ucuz,
həm təhlükəsizdir (dünyanın indiki narahat
vaxtında əksər valideynlər övladlarını
gözlərindən uzağa göndərməyə risk etmirlər).
Bu halda DT alan tələbələrin təhsillərini
başa vurduqdan sonra vətənə
qayıdıb-qayıtmaması kimi bir problem də
yoxdur.
Bu gün Anadolu Açıq Meqa Universitetinin bir
çox ölkələrdə, o cümlədən Azərbaycanda da
nümayəndəliyi var, bizim ölkədən xeyli
tələbə distant yolla bu universitetdə
keyfiyyətli və müasir standartlara uyğun
təhsil alır. Gələcəkdə digər açıq və virtual
universitetlərin, distant universitetlərin də
respublikamızda nümayəndəliklərinin açılması
mümkündür. Getdikcə bu proses vüsət alacaq.
Bunun ölkəmizdə insan kapitalının inkişafına
yalnız xeyri ola bilər. Bu proses milli
təhsildə beynəlxalq rəqabət mühitini
gücləndirəcək. Bu proseslər qloballaşmanın,
Boloniya prosesinin, tələbə və müəllim
mobilliyinin (hələlik virtual mobilliyin)
addım səsləridir. Çünki bu, qlobal informasiya
təhsil məkanına inteqrasiyanın yeganə yoludur.
Görəsən, təhsil sistemimiz, universitetlərimiz
bu ciddi rəqabətə hazırdırmı?
Bu gün respublikada bəlkə də yüzlərlə gənc
virtual olaraq müxtəlif ölkələrin
universitetlərində distant ali və əlavə
təhsil alır. Yəqin ki, valideynlər də,
tələbələr də təhsilin keyfiyyətindən və
səviyyəsindən çox məmnundurlar. Gələcəkdə
işəgötürən təşkilatlar da bu kadrların
hazırlığından məmnun qalacaqlar. Virtual
məzunların alacaqları diplom da bütün
dünyada tanınacaq. Boloniya prosesi
tələblərinə uyğun olaraq bu diplomlar bizim
ölkədə də problemsiz tanınacaqdır. Gələcəkdə
xaricdə virtual təhsil alan tələbələrimizin
sayının sürətlə artması ehtimal edilir.
Strateji məqsədi qlobal informasiya-təhsil
məkanına inteqrasiya olan milli təhsil
sistemimizdə DT-nin tətbiqi bu gün aktualdır.
Bu sahədə qlobal inkişafdan, təxminən, 15 il
geri qalsaq da, hər halda nə vaxtsa əməli işə
başlamalı, bu geriliyi aradan qaldırmalıyıq.
Çünki bu gün DT sistemi olmayan ölkələrin
təhsilinin sabah heç bir perspektivi ola
bilməz. DT təhsil innovasiyasıdır, informasiya
cəmiyyətinin, innovasiya cəmiyyətinin
təhsilidir.
Respublikada DT sistemi yaradıldığı halda
dünya azərbaycanlılarının, o cümlədən
diasporada yaşayan azərbaycanlıların öz ana
dilində təhsil almaq imkanı yaranacaq. Bu
yolla onların ailə üzvləri, uşaqları vətəndən
uzaqda yaşasalar da, əcdadlarının dilini,
mədəniyyətini, tarixini müstəqil öyrənə
biləcəklər. Digər tərəfdən, azərbaycanlıların
kompakt yaşadığı ölkələrdə azərbaycandilli
təhsil müəssisələrinin olmaması problemi də
bu yolla tədricən həll edilə bilər.
Təəssüflə qeyd edək ki, bu günə qədər biz
Azərbaycan dilini müstəqil öyrənmək istəyən
əcnəbilər üçün heç bir elektron dərslik,
distant təhsil resursu hazırlamamışıq. Amma
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti
Azərbaycan dilini öyrənən tələbələri üçün
belə bir elektron dərslik artıq yaratmışdır
(Azərbaycan dili bu universitetin
regionşünaslıq ixtisası alan tələbələrinə
tədris edilir). Bu istiqamətlərdə elektron
resurslarımızı artırmalıyıq, bunun xalqın
mədəniyyətinin təbliğində böyük imkanları
var.
Bütün dünyada bu gün DT texnologiya kimi
qəbul edilir, çünki onun təhsil forması kimi
qəbul edilməsi bu texnologiyanın geniş
tətbiqini əngəlləyə bilər. Amma DT-nin
texnologiya kimi qəbul edilməsi ondan
fasiləsiz təhsilin bütün səviyyələrində (orta,
ali və diplomdan sonrakı mərhələlərdə), bütün
formalarında (əyani, qiyabi, eksternat və s.)
istifadəni mümkün edir. Bununla belə, yeni "Təhsil
haqqında" Qanunda DT təhsil formalarından
biri kimi qeyd edilir. Yəqin ki, DT sistemi
respublikada formalaşdıqca, gələcəkdə bu
məsələlərə təkrarən baxılacaq, qanunda müəyyən
əlavə və dəyişikliklər ediləcəkdir.
Son vaxtlar təhsil ictimaiyyəti qiyabi
təhsilin distant formada aparılması haqqında,
bu sistemin yaradılmasına nə qədər vaxt lazım
olması barədə müzakirələr aparır. Bu problemin
praktik həlli çətin, miqyası geniş, əhatəli,
maddi məsrəfləri isə çox böyükdür. Çünki DT
təhsilin kompleks informatlaşmasını tələb
edir, bu isə heç də asan məsələ deyil.
Təbii ki, böyük işlərin həlli asan olmur.
Milli təhsil sistemimiz bu problemi yaxın 10
il ərzində həll edə bilsə, onun
rəqabətqabiliyyətliliyi, keyfiyyəti və
reytinqi yüksələ bilər. Bütün inkişaf
etmiş və inkişafda olan ölkələr kimi,
biz də DT-nin köməyi ilə əlçatan,
keyfiyyətli və kütləvi fasiləsiz təhsil
sistemi yarada bilərik.
Ölkədə DT-nin yaradılması və inkişafı üçün
görülməli işləri şərti olaraq 4 səviyyəyə
ayırmaq olar: ölkə səviyyəsində görülməli
işlər; sahə nazirlikləri səviyyəsində
görülməli işlər; təhsil sistemi səviyyəsində
görülməli işlər; universitetlər səviyyəsində
görülməli işlər.
Ölkədə DT-nin yaradılması və inkişafı üçün
ilkin mərhələdə "Azərbaycan Respublikasında
distant təhsilin yaradılması və inkişafı"
strategiyası hazırlanmalıdır. Strategiyada
hər bir səviyyənin görməli olduğu işlər
istiqamətlər üzrə qeyd edilməlidir. Daha
sonra bu strategiya əsasında xüsusi Dövlət
Proqramı hazırlanmalıdır. Bu proqram
çərçivəsində ölkə səviyyəli ümumi işlər
icra edilməli, normativ-hüquqi baza, texniki,
pedaqoji, təşkilati, standartlaşma və s.
məsələlər həll edilməlidir.
Sahə nazirlikləri səviyyəsində isə hər bir
nazirlik öz tabeliyində olan ixtisasartırma,
təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə,
kadrların attestasiyası, bir sözlə, fasiləsiz
əlavə təhsilin bu nazirliyə dair fəaliyyətini
distant texnologiyalara transfer etməlidir. Bu,
iqtisadi cəhətdən, keyfiyyət və səmərəlilik,
insanların rahatlığı baxımından əlverişlidir.
Regionlarda işləyən kadrların bu halda
paytaxta uzunmüddətli və ya qısamüddətli
kurslara ezam olunmasına ehtiyac olmayacaq. Bu
mənada hər bir nazirliyin DT sisteminin
yaradılması və inkişafına dair xüsusi proqramı
olmalıdır.
Bu gün əksər ölkələrdə (o cümlədən bir çox
MDB ölkələrində) yaşlıların təhsili elektron
formada, distant texnologiyalar əsasında
reallaşır.
Respublika pedaqoji kadrların ixtisasartırma,
təkmilləşdirmə, yenidənhazırlanma kursları hələ
də distant texnologiyalarla aparılmır (bir
çox MDB ölkələri 10 ildən artıqdır ki,
pedaqoji kadrların ixtisasartırma,
təkmilləşdirmə, yenidənhazırlanma kurslarını
distant texnologiyalarla aparır). Bu iş
respublikada əvvəlcə məhz təhsil sistemində
yaradılmalı idi. Sonra isə sahə nazirlikləri
bu nümunə əsasında sahə DT sistemlərini
qurmaları, öz kadrlarını bu yolla təkmilləşdirmə
və ixtisasartırma kurslarına cəlb etməli idilər.
DT-nin inkişafı ilə əlaqədar qlobal problemlərə
varmadan, təhsil sistemi səviyyəsində görüləcək
bəzi işləri qeyd etmək istərdik. Təhsil
sistemində təhsilin səviyyələri üzrə və peşə
təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün
konkret layihələr reallaşmalıdır. Təhsil
sistemində DT-nin inkişafı məqsədi ilə kadr
təminatı, proqram-texniki təminat, kontent
təminatı problemləri həll edilməli, ciddi
investisiyalar cəlb edilməlidir.
Respublikada DT-nin inkişafı üçün bu gün real
şərait var. İKT sektorunun respublikada
prioritet sahə elan edilməsi, bu sektorun
son illər sürətli inkişafı, o cümlədən İKT
üzrə Milli Strategiyanın qəbul edilməsi, "Elektron
Azərbaycan" Dövlət Proqramının, təhsil
sisteminin informatlaşması üzrə 2 dövlət
proqramının reallaşması bu sahənin real
inkişafı üçün infrastruktur və texniki baza
yaratmışdır. Digər tərəfdən, ali təhsilin
inkişafı üzrə, orta ixtisas təhsilinin
inkişafı üzrə, texniki peşə təhsilinin inkişafı
üzrə dövlət proqramlarının hər birində DT-nin
yaradılması və inkişafı məsələləri xüsusi
qeyd edilmişdir. Bu proqramlar çərçivəsində
real iş görmək mümkündür. Bunun üçün bir
sıra ciddi işlərin görülməsinə, o cümlədən
hazırda icra olunan bu proqramların
əlaqələndirilməsi və DT-nin inkişafı
məqsədləri ilə bir meqalayihə formasında
icra edilməsinə, böyük həcmdə əlavə
investisiya qoyulmasına ehtiyac var.
Hər bir sahədə olduğu kimi, DT-nin
inkişafında da insan resursları, onların
peşəkarlıq səviyyəsi həlledicidir (bu amil
texnologiyaya nisbətən daha prioritetdir). DT
texnologiyasının reallaşması üçün ilkin şərt
hər bir universitetdə xüsusi hazırlıq keçmiş
kadr heyətinin olmasıdır. Çünki bütün
elektron tədris resurslarının hazırlanması və
tətbiqi, virtual təlimin təşkili və idarə
edilməsi, yeni texnologiyalardan səmərəli
istifadə məhz pedaqoji və texniki heyətin
hazırlıq səviyyəsindən asılıdır. Kadr
problemlərinin həlli maliyyə məsələsinə
bağlıdır, bu günə qədər DT-nin yaradılması və
inkişafı üzrə investisiya qoyulmadığından bu
istiqamət üzrə kadr hazırlanmamışdır. Bu
səbəbdən respublikanın, demək olar ki, heç
bir universitetində beynəlxalq standartlar
səviyyəsində DT sistemi yarada bilən
komanda formalaşmamışdır. Eyni vəziyyət ali
təhsilin informatlaşması sahəsində də
mövcuddur (əslində bu iki məsələyə bir
rakursdan baxmaq lazımdır).
Universitetin DT texnologiyasını
reallaşdırması üçün professor-müəllim heyəti,
mühəndis-texniki və tədris-köməkçi personalı
təhsil proqramlarının distant texnologiyalarla
reallaşması üçün xüsusi hazırlıq kurslarına cəlb
edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, bu
tədris kurslarının həcmi 72 saatdan az
olmamalıdır. DT sistemində fəaliyyət göstərən
professor-müəllim heyəti
informasiya-kommunikasiya texnologiyalarına da
yaxından bələd olmalıdır.
Universitetlərdə DT-ni təşkilatı baxımdan
reallaşdırmaq üçün əlavə bir çox məsələlər
həll edilməlidir. Əvvəla, universitetin
İnternetdə xüsusi kontentlə zəngin təhsil
portalı olmalıdır (bunu informasiya portalı
ilə qarışdırmaq olmaz). Hər bir ixtisas üzrə
tədris planında olan fənlərdən normativlə
müəyyən edilmiş sayda (təxminən tədris
kurslarının 80-90%-i) elektron dərsliklər
hazırlanıb portalda yerləşdirilməlidir. Bundan
əlavə, hər fənn üzrə elektron formada
tədris-metodik kompleks hazırlanmalı və virtual
formada onlara əlyetərlik təmin edilməlidir.
Bu tədris kontentlərinin (məzmunun) idarə
edilməsi LCMS tipli proqram sistemi ilə,
tədris prosesinin idarə edilməsi isə LMS tipli
proqram sistemi ilə həyata keçirilir. Bu iki
sistem və DT portalı birgə DT platformasının
özəyini təşkil edir. Ümumən DT platforması
proqram kompleksi olub, xeyli sayda proqram
modullardan ibarətdir. Bu modullar tədris
prosesinin ayrı-ayrı servislərini virtual olaraq
icra edir. DT platforması açıq və qapalı kodlu
ola bilər.
Vaxtı ilə Təhsil Nazirliyi tərəfindən
(2005-ci ildə) ali təhsilin bəzi
istiqamətləri üzrə (məsələn, ali pedaqoji
təhsil istiqaməti) distant texnologiyaların
tətbiqi üçün konseptual və strateji əhəmiyyətli
müəyyən sənədlər hazırlanmışdır. Bu sənədlərə
müəyyən əlavələr etməklə, ali pedaqoji
təhsilin distant texnologiyalar əsasında
reallaşdırması istiqamətində hazırlıq işlərinə
başlamaq mümkündür. Növbəti mərhələdə
universitetdə distant təhsilin reallaşması üçün
müfəssəl texniki tapşırıq, strateji sənədlər
və operativ tədbirlər planı hazırlanmalıdır.
Universitetdə DT-nin yaradılması prosesini 5-10
illik böyük bir meqalayihə formasında
reallaşdırmaq məqsədəuyğundur. Bu müddət
ərzində mərhələlərlə, ayrı-ayrı ixtisaslar üzrə
real təhsili tədricən distant texnologiyalar
əsasında virtual formaya keçirmək olar. Bu
sistemin istismarı (real olaraq tədrisdə
tətbiqi) üçün paralel olaraq müəyyən
infrastruktur yaradılmalıdır (məsələn,
universitetin "Distant Təhsil Mərkəzi" və ya
"Distant Təhsil" fakültəsi).
Hər hansı ixtisasın tədris planına uyğun olaraq
fənlər üzrə elektron resursların hazırlanması (prosesin
təşkili və maliyyələşməsi səviyyəsindən asılı
olaraq) işi 2-4 il ərzində reallaşa bilər.
Əgər tədris planında 40 fənn varsa, deməli
30-35 fənn üzrə elektron dərslik və elektron
tədris-metodik kompleksi yaradılmalıdır. Bu
işi paralel olaraq bir neçə ixtisas üzrə eyni
zamanda reallaşdırmaq mümkündür. Bir
universitetdə 5-6 ixtisas üzrə DT-nin həyata
keçirilməsi üçün hazırlıq işi, təxminən, 5-6
il ərzində aparıla bilər. Bu halda 150-200
fənn üzrə elektron dərsliklər, mükəmməl test
sistemi və digər tədris-metodik
materialların elektron versiyaları
hazırlanmalıdır.
Ölkə səviyyəsində ali təhsilin bütün mühüm
istiqamətləri üzrə DT sistemini yaratmalı olsaq,
minlərlə elektron dərslik hazırlanmalıdır.
Bu işə 10 il vaxt və 150 milyon manatdan
artıq vəsait lazım ola bilər. Bu məqsədlə
təhsilin illik büdcəsindən hər il 1-2%
vəsait ayrılarsa, problem 10 il ərzində
həll edilə bilər. İnkişaf etmiş və inkişafda
olan bir çox ölkələr bu işi 10-15 il
əvvəl və daha çox investisiya ilə həll
etmişlər.
Göründüyü kimi, DT sisteminin yaradılması çətin
və böyük maliyyə tutumlu məsələdir. Belə
olduğu halda, görəsən, Azərbaycanda DT-nin
yaradılmasına başlamağına dəyərmi? Görəsən,
Azərbaycanda DT sistemi olsun, yoxsa olmasın?
Hesab edirik ki, daha vaxt itirməyə haqqımız
yoxdur, onsuz da xeyli vaxt itirmişik. Milli
DT sistemini hökmən yaratmalıyıq. Çünki cənab
Prezidentin bildirdiyi kimi, "...Azərbaycanda
gərək virtual dərslər, yeni texnologiyalar geniş
yayılsın... Bu çox böyük, mürəkkəb, çoxlu
maliyyə vəsaiti tələb edən proqramdır. Amma
biz bunu etməliyik. Çünki biz gələcəyə
baxmalıyıq".
( muallim.edu.az saytın materiallarından, №11 2011 )
|