Baş səhifə » 2011»Noyabr»24 » İnformatika fənni üzrə məzmun standartları müzakirə olundu
01:03
İnformatika fənni üzrə məzmun standartları müzakirə olundu
AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatika fənni üzrə
respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə
standartlarının təkmilləşdirilməsi” və "Ümumtəhsil məktəblərində və ilk
peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların
qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması
Qaydaları” əsasında fənn müəllimləri üçün müvafiq təlimatların
hazırlanmasını təmin etmək məqsədilə ilə təhsil naziri tərəfindən
yaradılmış İşçi Qrupunun iclası keçirildi. İclasda institutun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Təhsil Nazirliyinin
"Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl
Sadıqov, Təhsil Problemləri İnstitutunun Tətbiqi tədqiqatlar,
monitorinq və qiymətləndirmə Mərkəzinin "Tədqiqatların İKT təminatı”
şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva və işçi qrupun digər üzvləri iştirak
edirdilər.
Tədbirdə şagird nailiyyətlərinin qiymətləndirilməsinin informatikanın
təlimi prosesinin mühüm tərkib hissələrindən biri olduğu qeyd edilərək
bu fənn üzrə qiymətləndirmə standartları müzakirə olundu. Bildirildi
ki, qiymətləndirmə standartları hər bir şagirdin yiyələnməli olduğu
bilik, bacarıq və vərdişlərin kəmiyyət və keyfiyyət göstəricisidir.
Qeyd edildi ki, hər bir fəndə olduğu kimi informatika üzrə şagird
nailiyyətlərinin qiymətləndirilməsinin də əsas məqsədi fənnin tədrisi
işinə kömək etmək, tədrisin və təlimin keyfiyyətini yaxşılaşdırmaqdır.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələlərinin
önəmliyi vurğulandı. Bu tədbirlərin təkcə elmin deyil, həm də
ictimaiyyətin marağında olan məsələ olduğu bildirildi.
Təhsil standartlarının yüksək səviyyədə hazırlanması üçün aparılan
işlərin keyfiyyətli təşkili, fənlərarası inteqrasiyanın vacibliyi
bildirilərək bu sahədə Azərbaycanın təhsil sisteminin qarşısında duran
vəzifələrdən söhbət açıldı. 5-9-cu siniflər üçün hazırlanan
standartların ilkin layihəsi haqqında ətraflı məlumat verildi.
Şagirdlərin İKT bilik və bacarıqlarına yiyələnməsində qiymətləndirmə
standartlarının müəyyən edilməsi və tətbiqinin önəmliyi vurğulandı. (ict.az saytının materialları əsasında)